Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən “İqlim və Mənzil Əlaqəsi” mövzusunda yüksək səviyyəli dialoqda təmsil olunub.

Postxronika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı tərəfindən idarə olunan tədbirdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, C40 Şəhərlər Şəbəkəsinin və Almaniyanın müvafiq nazirliyinin rəsmiləri çıxış ediblər. Panel müzakirələrində azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma təcrübəsi, həmçinin Cəbrayılda yaradılan Azərbaycan–Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi barədə geniş məlumat verilib. BMT-nin Türkiyədəki Rezident Koordinatoru Dr. Babatunde Ahonsinin moderatorluq etdiyi sessiyada gələcəyin şəhərlərinin formalaşdırılması üçün yaşıl infrastrukturun inkişafı, enerji səmərəliliyi və təbiət əsaslı həllərin tətbiqi ətraflı müzakirə olunub. İclasda həmçinin ekoloji və sosial ehtiyaclara cavab verən şəhər planlamasında yerli idarəetmə orqanlarının, özəl sektorun və beynəlxalq qurumların rolu diqqət mərkəzində saxlanılıb.