"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarını rəsmən bərpa edir.
Postxronika.az qurumun rəsmi açıqlamasına istinadən xəbər verir ki, bu beynəlxalq marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan, yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək. İlkin qrafikə əsasən, hər gün saat 23:10-da Bakıdan yola düşən qatar növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Geri dönüş isə Tbilisidən saat 21:00-da başlayacaq və qatar növbəti gün saat 06:24-də Bakıda olacaq. Səfər müddətinə hər iki ölkənin sərhəd-gömrük baxışı üçün 1 saatlıq vaxt ayrılıb. Beynəlxalq qatar Azərbaycan ərazisində Bakı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstanda isə Qardabani və Tbilisi vağzallarında dayanacaq.
Sərnişinlər üçün gedişhaqqı məsafədən və həftə sonu/bayram günləri amilindən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Bakıdan Tbilisiyə minimum bilet qiyməti 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN təşkil edir. Beynəlxalq tariflər İsveçrə frankının manata qarşı məzənnəsinə və ölkələrin tətbiq etdiyi əmsallara uyğun tənzimlənir. Xatırladaq ki, 2019-cu ildə fəaliyyət göstərən köhnə hərəkət tərkibləri tamamilə istismardan çıxarılıb və yeni nəsil “Stadler” vaqonları sərnişinlərə beynəlxalq standartlara uyğun yüksək komfort və fərdi xidmət imkanları təqdim edəcək.