Qlobal iqtisadi platformalarda aktiv iştirak və beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsi xarici sərmayələrin ölkəyə cəlb edilməsi və yerli məhsulların yeni bazarlara çıxarılması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Postxronika.az xəbər verir ki, Çinin Quancou şəhərində “Şirkətlərə dəstək, xarici bazarlara çıxış” devizi altında Çin-Azərbaycan İnvestisiya və Ticarət Əməkdaşlığı Forumu keçirilib. Tədbirdə çıxış edən ölkəmizin Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycanın əlverişli işgüzar mühiti, logistik imkanları və investorlar üçün yaradılan güzəştlər barədə ətraflı məlumat verib. Quandon Əyaləti Sənaye və Kommersiya Federasiyasının rəsmisi Quan Sianmin respublikamızın tranzit üstünlüklərinin Çin şirkətləri üçün yeni perspektivlər açdığını vurğulayıb. Sonda iki ölkənin işgüzar dairələri arasında "Made in Azerbaijan" brendinin Çin bazarında təşviqi və potensial tərəfdaşlıq istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb.