Qazaxıstan Respublikası Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov ilə keçirilən görüşdə qazaxıstanlı hərbçilərə ölkəmizdəki hərbi təhsil islahatları barədə brifinq təqdim olunub. Səfər proqramı çərçivəsində nümayəndə heyəti Hərb Oyunları Mərkəzi, Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yaradılan şəraitlə tanış olublar. Burada fəaliyyət göstərən Heydər Əliyev muzeyini gəzən qonaqlara Ulu Öndərin ömür yolu və siyasi fəaliyyəti barədə geniş məlumat verilib. Sonda Zəfər Muzeyini ziyarət edən nümayəndə heyətinə Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyəti çatdırılıb, tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.