Almaniyanın Aahen şəhərində keçirilən və beynəlxalq aləmdə “Atçılıq idmanının Uimbldon”u sayılan nüfuzlu "CHIO Aachen" festivalında Azərbaycan uğurla təmsil olunub.
Postxronika.az xəbər verir ki, bu barədə məlumat Dövlət Sərhəd Xidmətinin rəsmi internet səhifəsində yer alıb. Açıqlamaya əsasən, respublikamızın Atçılıq Federasiyasının 150 nəfərdən çox nümayəndə heyəti 40 minlik Hauptstadion arenasında zəngin mədəniyyətimizi nümayiş etdirib. Tədbir çərçivəsində təşkil olunan xüsusi şouda Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin almaniyalı həmkarları ilə birgə musiqili çıxışları böyük rəğbətlə qarşılanıb. Eyni zamanda milli atçılıq ənənələrimizin qüruru olan Qarabağ və Dilbaz atlarının çevikliyi və zərifliyi minlərlə xarici tamaşaçını heyran qoyub. Qeyd edək ki, bu möhtəşəm tədbirin keçirildiyi Aahen şəhəri cari ildə FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi etməyə hazırlaşır.