Pakistan Silahlı Qüvvələrinin komandanı, Quru Qoşunlarının qərargah rəisi Asim Munir Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşündə İran və ABŞ arasında yaxın vaxtda sazişin imzalanacağını təsdiqləyib. 

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin bəyanatında qeyd olunub ki, Munir Pakistanın vasitəçilik səylərinin son nəticələri barədə danışıb və tərəflərin razılaşmaya çox yaxın olduqlarını bildirib.

Munir vurğulayıb ki, İslamabad Tehran və Vaşinqton arasında kompromisin əldə olunması üçün bütün gücünü səfərbər etməyə hazırdır. O, həmçinin Çinin bu prosesdə gələcəkdə də müsbət rol oynayacağına ümidvar olduğunu ifadə edib. Öz növbəsində Van İ Pakistanı "bütün tərəflərin etimadını qazanmış etibarlı vasitəçi" adlandırıb və Çinin bu səyləri yüksək qiymətləndirərək dəstəklədiyini bildirib. Çin XİN rəhbəri çətinliklə də olsa, sülhün mütləq bərqərar olacağına əminliyini vurğulayıb.