Rusiya Hakimlərinin Ali Kvalifikasiya Kollegiyası (AKK) Rusiya Ali Məhkəməsinin sabiq hakimi və Hakimlər Şurasının keçmiş sədri Viktor Momotovun fəxri istefa statusuna xitam verilməsi barədə qərar qəbul edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu qərar sabiq hakimin bütün müvafiq güzəştlərdən, ödənişlərdən məhrum edilməsi və toxunulmazlığının ləğvi ilə nəticələnir.
Məlumata görə, bu addıma Baş Prokurorluğun iddiası əsasında Moskva məhkəməsinin qəbul etdiyi qərar səbəb olub. Belə ki, Momotovun "Hakimlərin statusu haqqında" qanunun tələblərini və korrupsiyaya qarşı mübarizə qanunvericiliyini pozduğu, həmçinin hakim statusuna uyğun gəlməyən fəaliyyətlə məşğul olduğu müəyyən edilib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Moskva məhkəməsi Baş Prokurorluğun Momotova və onun iş ortaqlarına qarşı qaldırdığı antikorrupsiya iddiasını təmin etmişdi. İddia çərçivəsində sabiq hakimə məxsus olan və ortaqlarının adına sənədləşdirilmiş "Marton" biznes-otellər şəbəkəsi də daxil olmaqla, ümumi dəyəri 9 milyard rubl (təxminən 97 milyon dollar) təşkil edən 100-dən çox daşınmaz əmlak və pul vəsaiti dövlət nəfinə müsadirə olunub.