Prezident İlham Əliyev “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Postxronika.az President az-a istinadən xəbər verir ki,sərəncama əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə olunub. Mərkəzi Bank görülən işlər və tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Sənədlə müəyyən edilib ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Eyni zamanda Maliyyə Nazirliyinə Mərkəzi Bankla birlikdə Dövlət Proqramında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2027–2030-cu illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.