Son günlər, xüsusilə bayram ərəfəsində yollarda hərəkət intensivliyinin artması fonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin çoxalması ciddi narahatlıq doğurur.

Postxronika.az xəbər verir ki, ekspert Rövşən Tağıyev mövzu ilə bağlı müraciət edərək, yollardakı diqqətsizliyin bəzi ailələrin bayram sevincini yarımçıq qoyduğunu vurğulayıb. Onun sözlərinə görə, təhlillər bu növ qəzaların həm sürücülərin diqqətsizliyi, həm də piyadaların məsuliyyətsiz davranışları səbəbindən baş verdiyini göstərir.

​Ekspert qeyd edib ki, bəzi piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmir, nəqliyyat axınının arasından qəfil yola çıxır və bəzən mobil telefondan istifadə edə-edə yolu keçməyə çalışırlar. Xüsusilə gecə saatlarında, məhdud görünmə şəraitində və sürətli hərəkətin olduğu çoxzolaqlı yollarda bu cür davranışlar faciə riskini daha da artırır. Bir zolaqdakı sürücü piyadaya yol verdiyi halda, digər zolaqdakı sürücünün onu gec görməsi bir neçə saniyə ərzində ağır və geri dönüşü olmayan qəzalara səbəb olur.

​Digər tərəfdən, bəzi sürücülər də yaşayış məntəqələrində, məktəblərin və insanların sıx olduğu ərazilərin yaxınlığında sürət həddinə əməl etmir, piyada keçidlərinə yaxınlaşarkən kifayət qədər diqqətli davranmırlar. Rövşən Tağıyev həm sürücüləri, həm də piyadaları yollarda maksimum dərəcədə məsuliyyətli olmağa çağırıb və xatırladıb ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə qanuni tələb deyil, insan həyatının qorunmasının əsas şərtidir.