Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə bərpa edilmiş Mədəniyyət Mərkəzinin açılışını reallaşdırıb.

Postxronika.az xəbər verir ki, dövlət başçısına burada görülən işlər barədə Xankəndi, Xocalı və Ağdərə üzrə xüsusi nümayəndə Elçin Yusubov məlumat verib. Ötən əsrin 60-70-ci illərində inşa olunan bu binanın yükdaşıyan konstruksiyaları uzunmüddətli istismar səbəbindən vaxtilə ciddi aşınma və deformasiyaya uğramışdı. Aparılan genişmiqyaslı yenidənqurma prosesi sayəsində üçmərtəbəli obyektdə yaradıcılıq dərnəkləri, inzibati idarəetmə və turizm xidmətləri üçün zəruri şərait təmin edilib. İndi mərkəzin 348 nəfərlik zalında müxtəlif konsertlərin, tamaşaların, rəsmi görüşlərin və kütləvi tədbirlərin keçirilməsi mümkündür. Müasir standartlara uyğunlaşdırılan bu möhtəşəm bina tələbələrlə zənginləşən şəhərin intellektual və mədəni mühitinin canlanmasında mühüm rol oynayacaq.