Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 May - Müstəqillik Günündə Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətə başlaması tədbirində iştirak edib.

Postxronika.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və müəssisənin təsisçisi Rizvan Təhməzov ölkə rəhbərinə yeni sənaye obyekti barədə ətraflı məlumat veriblər. Türkiyə və Çin texnologiyaları ilə təchiz olunmuş fabrikdə il ərzində 1,4 milyon ədəd müxtəlif çeşiddə ev tekstili məhsullarının istehsalı, həmçinin xarici bazarlara ixracı nəzərdə tutulur.

İlkin investisiya dəyəri 4,2 milyon manat olan müəssisənin qurulmasına Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat güzəştli kredit ayrılıb. Hazırda 85 nəfər doğma yurduna qayıdan sakinin daimi işlə təmin olunduğu fabrikdə gələcəkdə kadr sayının 200-ə çatdırılması və geyim istehsalının da genişləndirilməsi planlaşdırılır. Azad edilmiş torpaqlarda tətbiq edilən geniş vergi və gömrük imtiyazlarından yararlanan bu layihə regionun dayanıqlı iqtisadi inkişafına və məşğulluğun artırılmasına böyük töhfə verəcək.