Son günlər Azərbaycan idman mediasının gündəmini "Turan Tovuz" klubu ilə bağlı şok iddia zəbt edib. 2025/2026 mövsümünü uğurla başa vuraraq 32 ildən sonra yenidən avrokuboklara — UEFA Konfrans Liqasına vəsiqə qazanan Tovuz təmsilçisinin turnirdən kənarlaşdırıla biləcəyi iddia olunur.
Postxronika.az xəbər verir ki, buna səbəb kimi 2019-cu ildə "boz qurdlar" Birinci Divizionda çıxış edərkən komandanın bəzi futbolçularının oyun alqı-satqısında (danışılmış oyunlar) ittiham olunması göstərilir. Xatırladaq ki, sözügedən hadisə ilə bağlı o dövrdə klubun 7 oyunçusu futboldan uzaqlaşdırılmışdı. Maraqlı məqam isə budur ki, tovuzlular elitaya qayıtdıqdan sonra çıxış etdikləri bütün mövsümlərdə avrokuboklar üçün UEFA-dan rəsmi lisenziya almağı bacarıblar.
Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat katibi Süleyman Tağıyev saytımıza rəsmi açıqlama verib. O, komandanın haqlı qələbəsinə kölgə salmaq istəyən iddiaların əsassız olduğunu bildirib:
"2025-2026-cı illər mövsümünü uğurla başa vurduq. Gərgin keçən mövsümdə bütün idman prinsipləri qorunaraq haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA başda olmaqla heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq".
Hüseyn Rəşadoğlu