Azərbaycanın "Turan Tovuz" peşəkar futbol klubu 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib.
Postxronika.az xəbər verir ki, 2 iyun 2026-cı ildə UEFA Apelyasiya Orqanının sədri bununla bağlı müvafiq qərar verib. Qərara əsasən, PFK "Turan Tovuz" 2026/2027 UEFA Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə turnirdə iştirak hüququnu itirib.
Bununla yanaşı, Tovuz təmsilçisi verilmiş bu qərarla razılaşmayaraq, hüquqlarının bərpası üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.