Rusiya Federasiya Şurası qeyri-qanuni miqrasiya ilə mübarizə və əmək miqrantlarının sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, miqrantların ölkəyə daxil olduqdan sonra tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günədək azaldılır.
Bundan başqa, Rusiyada 30 gündən artıq qalan əcnəbilər hər il məcburi qaydada tibbi müayinədən keçməli olacaqlar. Müayinə zamanı təhlükəli infeksion xəstəliklər, QİÇS (VİÇ) virusu və ya narkotik asılılığı aşkarlanarsa, tibb müəssisəsi 24 saat ərzində Daxili İşlər Nazirliyi və "Rospotrebnadzor"u məlumatlandıracaq və həmin şəxsin ölkədən çıxarılması barədə operativ qərar veriləcək.
Qanuna görə, tibbi müayinə xərclərini miqrantlar özləri və ya onları işə götürən tərəf ödəyəcək. Eyni zamanda, bu prosesdə vasitəçilik qadağan edilir və müayinələr yalnız səlahiyyətli dövlət təşkilatları tərəfindən aparıla bilər. Müayinədən keçmək müvəqqəti yaşayış, iş icazəsi və patentin rəsmiləşdirilməsi üçün məcburi şərt olacaq.
Rusiya Prezidenti tərəfindən imzalanacağı təqdirdə, qanun 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.