Rusiyanın Podmoskovye (Moskva vilayəti) bölgəsinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində sürücü həlak olub. 

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə səhər saat 05:30 radələrində "Aviatorov" mikrorayonunda, yaşayış binasının yaxınlığında qeydə alınıb. "BMW X3" markalı avtomobil hərəkətdə olarkən quraşdırılmış partlayıcı qurğu işə düşüb. Ağır yaralanan sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb. Hazırda hadisə yerində sübutların toplanması və zəruri ekspertizaların təyin edilməsi istiqamətində işlər aparılır.