Azərbaycan mədəniyyətinə və ictimai fikrinə ağır itki üz verib. Görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov ömrünün 82-ci ilində vəfat edib.

Postxronika.az xəbər verir ki, ədib iyunun 13-də dünyasını dəyişib.

​Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirdikdən sonra geniş ədəbi fəaliyyətə başlayıb. O, 1968-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib və İrəvan Pedaqoji İnstitutunda dərs deyib.

​Yazıçı 1984-1992-ci illərdə Bakıda "Gənclik" nəşriyyatında rəhbər vəzifələrdə çalışarkən "Dünya uşaq ədəbiyyatı kitabxanası", "Azərbaycan folkloru" kimi mühüm çoxcildli seriyaların işıq üzü görməsinə rəhbərlik edib.

​Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Hidayət Orucov uzun illər dövlət idarəçiliyində mühüm postlar tutub. O, 1992-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq millətlərarası münasibətlər, milli siyasət, həmçinin milli azlıqlar və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifələrində çalışıb. 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib, 2012-2021-ci illərdə isə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyət göstərib.

​Yaradıcılığı boyu poeziya, nəsr, publisistika və tərcümələrdən ibarət 60-dan çox kitabı nəşr olunan müəllifin "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası bir çox xarici dillərə tərcümə edilib. Onun çoxşaxəli xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək “Şöhrət”, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri və Prezidentin fəxri diplomu ilə təltif olunub.

​Mədəniyyət Nazirliyinin kollektivi görkəmli ədibin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

​Allah rəhmət eləsin!