Paytaxtda tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.
Postxronika.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” (minik taksilərinin duracaq yeri) və “3.28” (durmaq qadağandır) yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib. Layihənin davamı olaraq aşağıdakı ünvanlarda müvafiq nişanlar yerləşdirilib və sərnişinlərin taksi ilə fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin olunub:
Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının yanı;
Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının yanı;
Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının yanı;
Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı;
Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxanasının yanı;
Əcəmi Naxçıvani küçəsi, “Medera Hospital”ın yanı;
Natiq Əhmədov küçəsi, “Məlhəm Beynəlxalq Hospitalı”nın yanı.
Beləliklə, bu günədək paytaxtın 20 ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşılarında minib-düşmə yeri və taksilərin sərnişinləri düşürmələri üçün müvafiq şərait yaradılıb.