Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçiriblər. Daxil olan məlumat əsasında reallaşdırılan reyd zamanı narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.

Postxronika.az xəbər verir ki, əməliyyat zamanı S.Mirzəyevin sərnişin qismində əyləşdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. İstintaqa ifadə verən şəxs həmin maddələri Bakı ərazisində reallaşdırmaq məqsədilə müxtəlif ünvanlara daşıdığını etiraf edib.

Faktla bağlı cinayət işi işıqlandırılıb, S.Mirzəyev barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.