ABŞ-nin Federal Prokurorluğu Nyu-York məhkəməsinə müraciət edərək, Venesuelanın sabiq prezidenti Nikolas Maduronun işi üzrə növbəti iclasın iyun ayından iyulun sonlarına keçirilməsini xahiş edib.

 Postxronika.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatlar Nyu-York ştatının Cənub dairəsi üzrə prokuroru Cey Kleytonun imzaladığı rəsmi sənəddə öz əksini tapıb.

Vəsatətdə bildirilir ki, Birləşmiş Ştatlar hökuməti müdafiə tərəfinin razılığı əsasında növbəti prosessual baxışın 2026-cı il iyunun 30-dan iyulun 22-nə təxirə salınmasını tələb edir. İttiham tərəfi bu addımı proses çərçivəsində əldə olunan yeni materialların qarşı tərəfə təqdim edilməsi və sabiq liderin vəkilləri tərəfindən ətraflı araşdırılması üçün əlavə zamana ehtiyac yaranması ilə əsaslandırıb.

Xatırladaq ki, cari il yanvarın 3-də ABŞ qüvvələri Venesueladakı hərbi və mülki obyektlərə hücum təşkil edərək N.Maduronu və onun həyat yoldaşı Siliya Floresi ələ keçirib, ardınca isə ölkədən çıxarıblar. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsinin federal məhkəməsi qarşısına çıxarılaraq, narkotik maddələrin qanunsuz dövriyyəsində iştirak etməkdə günahlandırılıblar. Keçmiş dövlət başçısı və xanımı irəli sürülən iddiaları rədd edərək, özlərini təqsirkar bilmədiklərini bəyan ediblər. Hazırda Venesuelada ali rəhbərlik funksiyasını əvvəllər icraçı vitse-prezident postunu tutmuş müvəqqəti prezident Delsi Rodriges həyata keçirir.