Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti ciddi zərbə vurulub.
Postxronika.az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə və gizlətdiyi yerlərə baxış keçirilərkən, satış məqsədilə əldə etdiyi ümumilikdə 10 kiloqramdan artıq marixuana və həşiş qətranı aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan M.Nuruşova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda onun əlaqələrinin ifşa olunması və narkotik vasitələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.