Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsini 25 baza bəndi azaldaraq illik 14.25% səviyyəsinə endirilməsi barədə qərar qəbul edib.

Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə baş bankdan yayılan rəsmi məlumatda bildirilir.

​Mərkəzi Bankın bəyanatında qeyd olunur ki, ilin əvvəlindəki müvəqqəti geriləmədən sonra ölkədə iqtisadi artım mülayim templərlə davam edir.

Qurumun qiymətləndirmələrinə görə, baza qiymət artımı bir qədər zəifləsə də, illik ifadədə ümumilikdə 4-5% diapazonunda qalmaqdadır. Bununla yanaşı, son aylarda kreditləşmə templərində sürətlənmə müşahidə olunub.

​Həmçinin qeyd edilib ki, növbəti üçillik üfüqdə büdcə-vergi siyasəti əvvəllər proqnozlaşdırılandan daha yumşaq (stimullaşdırıcı) olacaq. Bu amil isə gələcəkdə uçot dərəcəsinin aprel ayındakı baza ssenarisində nəzərdə tutulandan daha yüksək trayektoriya üzrə hərəkət etməsini tələb edə bilər.