Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında kənd təsərrüfatı heyvanlarının identifikasiyası (tanınması və qeydiyyatı) prosesindən bəhs olunur.
Postxronika.az agentliyin rəsmi məlumatına istinadən xəbər verir ki, təqdim olunan materialda heyvanların fərdi qaydada eyniləşdirilməsi, onlara dair məlumatların "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sisteminə daxil edilməsi və bu prosesin baytarlıq nəzarətindəki rolu əyani şəkildə nümayiş etdirilir.
Buraxılışda vurğulanır ki, heyvanların identifikasiyası xəstəliklərə nəzarətin gücləndirilməsi, vaxtında peyvəndləmə, həmçinin heyvan mənşəli məhsulların “fermadan süfrəyə” prinsipi üzrə izlənə bilməsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu qeydiyyat sisteminin heyvanların daşınması, uçotu və mənşəyinin dəqiq müəyyənləşdirilməsi proseslərində yaratdığı geniş imkanlar barədə ətraflı məlumat verilir.