Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyunun 19-da Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Zaqatala, Balakən və digər rayonlardan olan sakinləri qəbul edib.
Postxronika.az agentliyin rəsmi məlumatına istinadən xəbər verir ki, qəbuldan öncə ADSEA sədri Zaur Mikayılov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Agentlik sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Sakinlərin müraciətləri əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri, bərpası və işə qəbul məsələləri ilə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.