"Amazon" şirkəti "OpenAI" rəhbəri Sem Altman barəsində çəkilən və onun mənfi obrazını yaradan "Süni" (Artificial) adlı bioqrafik filmin yayım hüququndan imtina edib.

Postxronika.az xəbər verir ki, bu qərar sözügedən korporasiya ilə süni intellekt təşkilatı arasında on milyardlarla dollarlıq nəhəng investisiya müqaviləsinin imzalanmasından dərhal sonra qəbul edilib. Luka Quadaninonun rejissorluğu ilə ərsəyə gələn ekran işində texnologiya maqnatını Endryu Qarfild, İlon Mask obrazını isə Ayk Barinholtz canlandırır. Ssenarisi Saymon Riç tərəfindən qələmə alınan kinolent Altmanın 2023-cü ildə qalmaqallı şəkildə işdən çıxarılması və daha sonra vəzifəsinə bərpa olunması hadisələrinə həsr edilib. Layihədən uzaqlaşdığını rəsmən təsdiqləyən distribütor, yeni yayımçının tapılması üçün çəkiliş qrupu ilə əməkdaşlıq etdiyini və başqa bir studiyanın bu işin öhdəsindən daha yaxşı gələcəyini bildirib.