“Porsche” şirkətinin baş direktoru Mixael Layters Almaniyanın idman avtomobilləri istehsalçısında xərclərin azaldılmasını nəzərdə tutan ikinci paket üzrə danışıqların sürətlə yekunlaşacağını gözləyir. Bu barədə o, şənbə günü “Frankfurter Allgemeine Sonntagszeitung” (FAS) qəzetinə verdiyi müsahibədə bildirib.

Postxronika.az xarici mediaya istinadən xəbər verir ki, baş direktor iyul ayında planlaşdırılan zavod tətillərindən əvvəl işçilərlə razılığa gəlmək istədiklərini vurğulayıb: ““Porsche” əməkdaşlarının vəziyyətə aydınlıq gətirilməsinə ehtiyacı var”. Avtomobil nəhəngi ötən il 2000 müvəqqəti işçini ixtisar etdikdən sonra, yaxın illərdə daha 1900 iş yerini ləğv edəcəyini daha əvvəl açıqlamışdı.

​M.Laytersin sözlərinə görə, şirkət ötən il satılan təxminən 280 000 avtomobillə müqayisədə daha aşağı istehsal gücü planlaşdırır. O, ““Porsche” daha az avtomobillə daha çox qazanc əldə etməlidir”, - deyə qeyd edib. Baş direktor həmçinin bildirib ki, şirkət eyni qrupa daxil olan tərəfdaşı “Audi” ilə daha sıx əməkdaşlıq etməyi planlaşdırır və başlanğıc səviyyəli “718” seriyasının istehsalı davam etdiriləcək.

​Qeyd edək ki, gömrük tarifləri, geosiyasi gərginliklər və model sırasındakı boşluqlar səbəbindən “Porsche” şirkətinin mənfəəti 2026-cı ilin birinci rübündə daha da azalıb.