İranın Cenevrədəki BMT yanında daimi nümayəndəsi ABŞ və İran arasında aparılan sülh danışıqlarında müsbət irəliləyiş əldə olunduğunu bildirib. O, eyni zamanda Vaşinqtonun Tehranın dondurulmuş aktivlər hesabına ABŞ məhsulları alacağına dair iddialarını təkzib edib.

Postxronika.az "Reuters" informasiya agentliyinə istinadən xəbər verir ki, İranın BMT-nin Cenevrədəki səfiri Əli Bəhreyni danışıqların uğurla davam etdiyini bildirib.

"Komandalarımız dünən texniki səviyyədə çox yaxşı danışıqlar aparıblar", - deyə o qeyd edib.

Səfirin sözlərinə görə, yaxın günlərdə iki işçi qrup yaradılacaq. Bu qruplar İrana qarşı sanksiyaların aradan qaldırılması və İranın nüvə fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.

Əli Bəhreyni həmçinin ABŞ tərəfinin İranın razılaşma çərçivəsində azad ediləcək vəsait hesabına Amerika məhsulları alacağı barədə iddialarını rədd edib.