Avropada davam edən güclü istilər milyonlarla insanın həyatına təsir göstərir. Fransada son bir həftə ərzində 40 nəfərin suda boğularaq ölməsi qeydə alınıb.

Postxronika.az "Associated Press" informasiya agentliyinə istinadən xəbər verir ki, Avropanın bir sıra ölkələrində temperatur rekord həddə yüksəlib. Xüsusilə, Fransa isti hava şəraitindən ən çox zərər görən ölkələrdən biri hesab olunur.

Məlumata görə, Fransanın milli meteorologiya xidməti Meteo France ölkənin 54 departamentində qırmızı təhlükə səviyyəli isti hava xəbərdarlığı elan edib.

İtaliya, İspaniya və Böyük Britaniya da isti hava dalğasının təsiri altında qalan ölkələr sırasındadır.

Fransanın baş naziri Sebastyan Lekornu bildirib ki, ötən cümə axşamından bəri suda boğularaq ölən 40 nəfərin əksəriyyətini gənclər təşkil edir. 

Fransada isti hava məktəblərin fəaliyyətinə, ictimai nəqliyyata və idman tədbirlərinə də təsir göstərib. Bir çox şəhərdə havanın temperaturunun 40 dərəcəni keçəcəyi gözlənilir.

Meteo France yaxın günlərdə yeni temperatur rekordlarının qeydə alına biləcəyi barədə xəbərdarlıq edib.

“İlin hansı dövrü olmasından asılı olmayaraq, əvvəlki rekordları üstələyə biləcək temperatur göstəriciləri gözlənilir”, - deyə meteorologiya xidməti bildirib.