ABŞ administrasiyası İrana qarşı tətbiq edilən bəzi sanksiyaların dondurulması (müvəqqəti dayandırılması) barədə qərarın müddətini uzadıb. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Tehran administrasiyasına xəbərdarlıq edərək, lazımi addımları atmaqdan çəkinməyəcəyini bildirib.
Postxronika.az xəbər verir ki, ABŞ-nin bu addımı nüvə proqramı və regional gərginlik fonunda Vaşinqtonla Tehran arasında diplomatik kanalları açıq saxlamaq məqsədi daşıyır.
Sanksiyaların dondurulması qərarına baxmayaraq, Prezident Donald Tramp mövzu ilə bağlı kəskin bəyanatla çıxış edib. Ağ Ev rəhbəri bildirib ki, əgər Tehran administrasiyası üzərinə düşən öhdəlikləri yerinə yetirməsə və ya ABŞ-nin təhlükəsizlik maraqlarına təhdid yaratsa, "lazım olan hər şeyi edəcək".
Ekspertlər ABŞ-nin bu qərarını gərginliyi idarəolunan səviyyədə saxlamaq üçün taktiki bir addım kimi qiymətləndirirlər. Sanksiyaların müvəqqəti dayandırılması İrana müəyyən humanitar və iqtisadi sahələrdə hərəkət imkanı versə də, ABŞ administrasiyası Tehrana qarşı təsir vasitələrini tamamilə əldən vermədiyini nümayiş etdirir.