Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin, təhlükəsizliyinin və rahatlığının artırılması məqsədilə paytaxtın və regionların bir çox şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə təqdim edir.
Postxronika.az agentliyin rəsmi məlumatına istinadən xəbər verir ki, müsabiqəyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şəki, Qusar, Xudat, Bərdə, Horadiz, Göyçay, İsmayıllı və digər istiqamətlər üzrə onlarla marşrut xətti çıxarılıb. Təşkil edilən bu müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna və aidiyyəti qaydalara uyğun olaraq həyata keçirilir.
İddiaçılardan tələb olunur ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, mütləq qaydada ehtiyat nəqliyyat vasitələri də təqdim etsinlər. Sənədlərin qəbulu 22 iyul 2026-cı il saat 17:00-dək AYNA-nın Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5 ünvanında yerləşən binasında aparılacaq.
Təqdim olunan iddialara komissiya tərəfindən müvafiq lotlar üzrə cari ilin avqust ayının 5, 7, 11, 14, 18 və 20-də mərhələli şəkildə baxılması nəzərdə tutulub. AYNA-dan bildirilib ki, marşrut xətlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə verilməsi bu sahədə göstərilən xidmətlərin səmərəliliyini artırmağa xidmət edir.