Mərdəkandakı faciə bir daha göstərdi ki, nəzarətsiz ərazilərdə dənizə girmək insan həyatı üçün ciddi təhlükə yaradır. Son illər Xəzər dənizində suyun geri çəkilməsi nəticəsində sahilyanı ərazilərin relyefində dəyişikliklər baş verir, yeni çuxurlar və qəfil dərinliklər yaranır. Mütəxəssislər hesab edirlər ki, bu cür risklərin vaxtında müəyyənləşdirilməsi və əhalinin məlumatlandırılması boğulma hallarının qarşısının alınmasında mühüm rol oynayır. Bununla yanaşı, vətəndaşların yalnız nəzarət olunan çimərliklərdən istifadə etməsi və təhlükəsizlik qaydalarına əməl etməsi həyati əhəmiyyət daşıyır. Əks halda, istirahət məqsədilə edilən bir səfər faciə ilə nəticələnə bilər.
Mövzu ilə bağlı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili Postxronika.az-a açıqlamasında bildirib ki, çimərlik mövsümü ərəfəsində təhlükəsizlik tədbirlərinin əsas istiqamətlərindən biri sualtı müayinələrin aparılmasıdır. Onun sözlərinə görə, xidmətin nəzarətində olan çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə dənizin dibi yoxlanılır, sualtı təmizləmə işləri görülür və potensial təhlükə mənbələri əvvəlcədən müəyyənləşdirilir.
A.Əlili qeyd edib ki, Xəzər dənizində suyun geri çəkilməsi yeni risklərin yaranmasına səbəb olur. Bu səbəbdən mütəxəssislər çimərlik ərazilərində mütəmadi monitorinqlər aparır, insan həyatı üçün təhlükə yarada biləcək yarğanları, çuxurları və qəfil dərinlikləri müəyyən edirlər. Belə hallar aşkarlananda həmin hissələr xüsusi nişanlarla işarələnir, ərazidə çimməyin təhlükəli olduğunu göstərən maarifləndirici lövhələr quraşdırılır.
Onun sözlərinə görə, ən ciddi problemlərdən biri vətəndaşların nəzarətsiz və çimərlik kimi nəzərdə tutulmayan ərazilərə üz tutmasıdır. Belə məkanlarda nə təhlükəsizlik yoxlamaları aparılır, nə xilasedicilər xidmət göstərir, nə də təhlükəli hissələr əvvəlcədən müəyyənləşdirilir. Bu ərazilər mürəkkəb relyefi, güclü axınları və məhdud görünüş imkanları ilə seçildiyindən insanların həyatı və sağlamlığı üçün ciddi risk yaradır.
FHN rəsmisi vurğulayıb ki, hava şəraiti də təhlükəsizlik baxımından mühüm amildir. Küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda dənizə girmək qadağan edilir. Buna baxmayaraq, bəzi vətəndaşlar xəbərdarlıqlara məhəl qoymur və nəticədə xoşagəlməz hadisələr baş verir.
A.Əlili valideynlərə də çağırış edərək bildirib ki, uşaqlar və yeniyetmələr nəzarətsiz buraxılmamalıdır. Xüsusilə çaylar, süni göllər və çimərlik kimi nəzərdə tutulmayan digər su hövzələri azyaşlılar üçün böyük təhlükə mənbəyidir. O, həmçinin sərxoş vəziyyətdə suya girməyin, müəyyən olunmuş üzmə sərhədlərini keçməyin və suda təhlükəli davranışların yolverilməz olduğunu xatırladıb.
Qurum rəsmisinin sözlərinə görə, cari il ərzində 13 nəfər suda boğulma təhlükəsindən xilas edilib. Onlardan altısı çimərlik mövsümündə qeydə alınıb. Eyni zamanda xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən boğulma hadisəsi baş verməyib ki, bu da xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdən istifadənin vacibliyini bir daha ortaya qoyur.
Qeyd edək ki, ötən gün Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə 4 qohumun (onlardan ikisi qardaşdır) boğulması ciddi müzakirələrə səbəb olub. Onlardan üçünün – 1991-ci il təvəllüdlü Namiq Əzimovun, 2005-ci il təvəllüdlü Elnur Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar Əbdülovun meyitləri tapılıb, 2003-cü il təvəllüdlü Pərviz Məcidovun axtarışları isə hələ də davam edir.
Abbaszadə Atabəy