Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb
RH
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracı istiqamətində mühüm nailiyyət əldə olunub. İlk dəfə olaraq “AGRARCO” MMC tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq ləpəsi bu ölkənin bazarına göndərilib. Məhsulun tədarükü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində reallaşıb.
Postxronika.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, AQTA-nın dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində müəssisə Çinə məhsul ixrac etmək üçün rəsmi icazə alıb. Qarşı tərəfin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi standartlarına tam cavab verən ilk partiya müvafiq sertifikatlarla təmin edilib. Yerli fındığın bu nəhəng bazara çıxışı ölkəmizin aqrar istehsalçıları üçün yeni ixrac üfüqləri açır.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara inteqrasiyası qeyri-neft sektorunun şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Dünyanın ən böyük istehlak bazarlarından birinə rəsmi çıxışın təmin edilməsi yerli emal müəssisələrinin rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm təkan verir. Qarşıdakı dövrdə ixrac həcminin artırılması və digər aqrar məhsulların da Çin bazarına çıxarılması istiqamətində işlər davam etdiriləcək.