Yaponiya Rusiyaya yaxın adada hipersəsli raket sistemləri yerləşdirəcək
NQ
Yaponiya Müdafiə Nazirliyi Rusiyaya ən yaxın adalardan biri olan Hokkaydo adasında “Type-25” hipersəsli raket sistemlərini dekabrın əvvəlində yerləşdirməyi planlaşdırır.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, NHK telekanalının məlumatına görə, Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin uzaqmənzilli raket sistemlərinə aid buraxılış qurğuları və digər avadanlıqlar gələn ayın əvvəlində Hokkaydonun Kamifurano hərbi bazasına gətiriləcək, daha sonra isə yerləşdirilməsinə başlanılacaq. Sistemlərin uçuş məsafəsinin yüzlərlə kilometr olduğu bildirilir.
Bu raketlər “əks-zərbə” silahları kateqoriyasına aid edilir və onların yerləşdirilməsi 2022-ci ildə yenilənən Yaponiyanın milli təhlükəsizlik strategiyasında nəzərdə tutulub. Hipersəsli döyüş başlıqları ilə təchiz edilmiş “Type-25” sistemləri mart ayında Fudzi dağı yaxınlığındakı bazada da yerləşdirilib, 2027-ci ilin martında başa çatacaq maliyyə ilinin sonunadək Hokkaydo ilə yanaşı, Kyuşu adasındakı Miyazaki prefekturasının Ebino bazasında da yerləşdirilməsi planlaşdırılır.