Ilham Aliyev, First Lady Mehriban Aliyeva and family members visit Farhad Khalilov’s anniversary exhibition
HC
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Postxronika.az xəbər verir ki, “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
Sərgidə rəssamın şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər nümayiş olunur. Ekspozisiyaya monumental rəngkarlıq tabloları və kiçikformatlı qrafik işlər də daxildir.
Fərhad Xəlilov yaradıcılığında realizmdən avanqard və mücərrəd sənətə qədər müxtəlif bədii yanaşmaları birləşdirib. Onun əsərlərində rəng və kolorit həllinin özünəməxsusluğu, təsvir olunan məkanın emosional təsiri diqqəti cəlb edir.
Rəssamın yaradıcılığında Abşeron mövzusu xüsusi yer tutur. Onun əsərlərində yarımadanın təbiəti, sahil mənzərələri, kəndləri və özünəməxsus ab-havası fərdi bədii üslubla əks olunur.
Sərgi Fərhad Xəlilovun yaradıcılığında Abşeron mövzusunun inkişafını, eləcə də rəngkarlıq və qrafika sahəsindəki sənət axtarışlarını təqdim edir.