"Azərbaycan Dəmir Yolları" 2026-cı ilin 10 ayında yük daşımaları üzrə rekorda imza atıb
RH
"Azərbaycan Dəmir Yolları" QSC 2026-cı ilin yanvar-oktyabr aylarında 15 milyon 691 min ton yük daşıyaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faizlik artım nümayiş etdirib. Hesabat dövründə tranzit daşımaların həcmi 20 faiz artaraq 6,5 milyon tonu ötüb, Çindən qəbul edilən blok-qatarların sayı isə 49 faiz yüksəlib. Bununla yanaşı, konteyner daşımalarında və Astara Terminalında yükaşırma göstəricilərində tarixi maksimum nəticələr əldə olunub.
Postxronika.az ADY istinadən xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında da 112 min TEU-dan çox konteyner aşırılaraq rekorda imza atılıb. Qeydə alınan bu kəskin artım dinamikası respublikamızın beynəlxalq nəqliyyat koridorlarındakı mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini sübut edir. Nəqliyyat-logistika infrastrukturunun səmərəli idarə olunması ölkəmizin tranzit potensialının tam gücü ilə reallaşdırılmasına geniş imkanlar açır.
Respublikanın logistika sahəsində qazandığı uğurlar qlobal ticarət zəncirində Azərbaycanın strateji rolunu daha da artırır. İnfrastrukturun modernləşdirilməsi və daşıma imkanlarının genişləndirilməsi qeyri-neft sektorunun inkişafına birbaşa töhfə verir. Əldə olunan bu yüksək göstəricilər ölkəmizin regionda aparıcı tranzit habına çevrilməsi istiqamətində atılan uğurlu addımların əyani təzahürüdür.