Azərbaycan Ordusunun zabiti NATO Müdafiə Kollecinin kursunu uğurla başa vurub
RH
İtaliyanın paytaxtı Romada yerləşən NATO Müdafiə Kollecində 36-cı NATO Regional Əməkdaşlıq Kursunun (NRCC-36) buraxılış mərasimi keçirilib. Azərbaycan Ordusunu təmsil edən ədliyyə polkovnik-leytenantı Emil Qasımov bu strateji səviyyəli tədris proqramını müvəffəqiyyətlə bitirərək diplomla təltif olunub.
Postxronika.az Azərbaycan Müdafiə Nazirliyinə (AMN) istinadən xəbər verir ki, təlim müddətində yüksək peşəkarlıq və akademik fəallıq nümayiş etdirən zabitimiz strateji düşünmə, tənqidi təhlil və kollektiv qərarvermə bacarıqları ilə fərqlənib. O, tədris prosesindəki müzakirələrdə və tapşırıqların icrasında xüsusi təşəbbüskarlığı ilə ölkəmizi layiqincə təmsil edib.
Kollec rəhbərliyinin yekun rəyində E.Qasımovun çoxmillətli mühitdə səmərəli əməkdaşlığı və elmi polemikalara verdiyi töhfələr xüsusi vurğulanıb. Həmçinin onun “NATO ilə Qafqaz regionu arasında təhlükəsizlik tərəfdaşlığı” mövzusunda hazırladığı tədqiqat işi yüksək qiymətləndirilib.