Bakı 2030-cu ildə 27-ci “WPC Energy” Konqresinə ev sahibliyi edəcək
HC
2030-cu ildə Bakıda keçiriləcək 27-ci “WPC Energy” Konqresinin təşkili ilə bağlı qurumun rəhbərliyi və Azərbaycan Milli Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb.
Postxronika.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, sənədi energetika naziri Pərviz Şahbazov və “WPC Energy”nin prezidenti Pedro Miras imzalayıblar. İmzalanma mərasimi nazirlikdə keçirilən görüş çərçivəsində baş tutub.
Görüşdə Konqresə hazırlıq prosesi, təşkilati məsələlər və tədbirə qədər əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Pərviz Şahbazov tədbirin Azərbaycanın neft sənayesinin tarixi irsi baxımından xüsusi əhəmiyyət daşıdığını və Bakı Enerji Həftəsinin təcrübəsinin Konqresin təşkilinə töhfə verəcəyini bildirib.
Pedro Miras isə Azərbaycanın qlobal enerji sənayesinin inkişafında mühüm rol oynadığını qeyd edərək, Konqresin hökumət nümayəndələrini, enerji şirkətlərinin rəhbərlərini və ekspertləri bir araya gətirəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın 27-ci “WPC Energy” Konqresinə ev sahibliyi edəcəyi 21 aprel 2026-cı ildə rəsmən təsdiqlənib. 1933-cü ildə yaradılan və iki ildən bir keçirilən tədbir 2023-cü ildən “WPC Energy” adı ilə fəaliyyət göstərən təşkilatın beynəlxalq platformalarından biridir.