Efiopiya və Eritreya ortaq sərhəddə qoşun toplayır, müharibə narahatlığı artır
RH
Efiopiya və Eritreya ortaq sərhəd xətti boyunca hərbi qüvvələr cəmləşdiriblər. Münaqişə monitorinqi qrupları və Efiopiyanın şimalındakı Tiqray bölgəsində fəaliyyət göstərən silahlı birləşmələrə yaxın mənbələr bu addımın tarixi rəqiblər arasında açıq müharibə riskini yüksəltdiyini bildirirlər. ACLED və Beynəlxalq Böhran Qrupunun məlumatına görə, sərhəddəki mövqelənmə hər iki ordunu bir-birinə zərbə endirmə məsafəsinə qədər yaxınlaşdırıb.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, ACLED təşkilatı və hökumət əleyhinə üsyançılara yaxın mənbə tərəflər arasında son günlərdə bir aydan çox fasilədən sonra ilk birbaşa silahlı toqquşmanın baş verdiyini açıqlayıb, lakin rəsmi Əddis-Əbəbəni dəstəkləyən dəstələrlə əlaqəli şəxs bu məlumatı təkzib edib. "Reuters" agentliyi sərhədboyu qarşıdurmalar barədə iddiaları müstəqil şəkildə təsdiqləyə bilməyib. Eritreyanın informasiya naziri Yemane Gebremeskel isə Efiopiyanın hakim partiyasının sərhədyanı hadisələrlə bağlı təbliğatını pisləsə də, hərbi cəmləşmə və toqquşma xəbərlərinə birbaşa münasibət bildirməyib.
Efiopiya hökumətinin rəsmi nümayəndələri yaranmış vəziyyətlə əlaqədar göndərilən sorğuları cavabsız buraxıblar. Afrika Buynuzu regionunda iki qonşu dövlət arasında gərginliyin yenidən alovlanması kövrək sülh mühitini və regional sabitliyi ciddi təhdid altına alır. Beynəlxalq təşkilatlar sərhəddəki hərbi fəallığın genişmiqyaslı eskalasiyaya çevrilməməsi üçün tərəfləri təmkinli olmağa çağırırlar.