Fransanın Pa-de-Kale departamentində güclü yağışlar və sel təhlükəsi səbəbindən fövqəladə tədbirlər görülür
RH
Fransa Meteorologiya Agentliyinin ("Meteo-France") məlumatına görə, güclü leysan və daşqın riski səbəbindən noyabrın 17-dən etibarən Pa-de-Kale departamentində elan olunan "narıncı" xəbərdarlıq səviyyəsi qüvvədə qalır. Departamentin valisi Fransua-Ksavye Loş Qalamets kəndində mətbuata verdiyi açıqlamada vəziyyətin getdikcə çətinləşdiyini gizlətməyib. O, bölgədən axan Kanş çayında suyun səviyyəsinin 1,90 metrə çata biləcəyini və göstəricilərin 2023-cü ilin böhran həddinə yaxınlaşdığını bildirib.
Postxronika.az TRT Haber-e istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində departamentdə təxminən 20 yaşayış məntəqəsinə və 30 avtomobil yoluna ziyan dəydiyi üçün regional fövqəladə müdaxilə planı işə salınıb. Vali yerli bələdiyyələri də təcili tədbirlər planını aktivləşdirməyə çağıraraq, təhlükəsizlik məqsədilə iki məktəbin təxliyə edildiyini açıqlayıb. Yerli medianın məlumatına əsasən, Fruj qəsəbəsinin mərkəzi yolunu tamamilə su basdığından sakinlərin daşınması üçün traktorlardan istifadə olunur.
Günlərdir davam edən aramsız yağıntılar regionda gündəlik həyat ritmini və nəqliyyat infrastrukturunun fəaliyyətini ciddi şəkildə pozub. Yerli hakimiyyət orqanları və xilasetmə xidmətləri su basmış ərazilərdə fəsadların aradan qaldırılması və əhalinin təhlükəsizliyinin təmin olunması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Sinoptiklərin proqnozlarına əsasən, yaxın günlərdə yağıntıların səngiməsi və çaylardakı su səviyyəsinin tədricən sabitləşməsi gözlənilir.