Macarıstanda sabiq nazirin işi üzrə 19,5 milyon dollar nağd pul aşkarlanıb
RH
Macarıstanın keçmiş nəqliyyat naziri Mikloş Şestakla bağlı istintaq çərçivəsində təxminən 19,5 milyon dollar məbləğində nağd pul aşkarlanıb.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, müstəntiqlər iki gün davam edən axtarışlar zamanı forint, avro və dollar əskinaslarından ibarət vəsaiti meşələrdə basdırılmış vəziyyətdə, seyflərdə və təsərrüfat tikililərində tapıblar. Rüşvət sxemində ittiham olunan sabiq məmur bütün iddiaları rədd edir. Müsadirə edilən pullar Macarıstan Dövlət Xəzinədarlığına köçürülüb.
Əməliyyat Viktor Orbanın 16 illik hakimiyyəti dövründəki korrupsiya hallarını araşdırmaq üçün yaradılmış Milli Aktivlərin Bərpası və Mühafizəsi İdarəsi (NVVH) tərəfindən həyata keçirilib.
Aprel seçkilərində böyük üstünlüklə qalib gələn yeni baş nazir Peter Magyar prosesi “Təmizlənmə Əməliyyatı” adlandırıb və bunu ölkədəki mafiya sisteminin sonu kimi qiymətləndirib. O, korrupsiyaya qarşı mübarizənin davam etdiriləcəyini bildirib.