“The Central Point Baku” hotelinin əməkdaşlarına HACCP təlimi keçirilib
RH
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “The Central Point Baku” hotelinin əməkdaşları üçün təlim təşkil edib. Məqsəd qida təhlükəsizliyi standartlarını yüksəltmək və xidmət keyfiyyətini qorumaqdır. İştirakçılara HACCP sisteminin tətbiqi, idarə olunması və qanunvericilik tələbləri izah olunub. Həmçinin müvafiq sənədləşmə işlərinin aparılması qaydaları barədə ətraflı məlumat verilib.
Postxronika.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AYNA) istinadən xəbər verir ki, mütəxəssislər tərəfindən aparılan sessiyalarda qida zəncirinin müxtəlif mərhələlərində yarana biləcək bioloji, kimyəvi və fiziki risklərin aşkarlanması yolları diqqətə çatdırılıb. Əməkdaşlara həmin təhlükələrin qiymətləndirilməsi, qarşısının alınması və kritik nəzarət nöqtələrinin dəqiq müəyyənləşdirilməsi üzrə praktiki bacarıqlar aşılanıb. Bundan əlavə, gündəlik iş prosesində beynəlxalq gigiyena normalarına əməl edilməsinin vacibliyi xüsusi vurğulanıb.
Turizm və qonaqpərvərlik sektorunda beynəlxalq keyfiyyət mexanizmlərinin tətbiqi müştəri məmnuniyyətinin artırılması və istehlakçı hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. AQTİ-nin həyata keçirdiyi bu cür maarifləndirici layihələr yerli hotellərin qlobal standartlara uyğunlaşmasına bilavasitə dəstək verir. Əldə olunan biliklərin tətbiqi müəssisədə qida təhlükəsizliyinə nəzarət sisteminin daha effektiv qurulmasına imkan yaradacaq.