Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
RH
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan yığmasının bayraqdarları bəlli olub. Gender bərabərliyi prinsipinə uyğun olaraq üçrəngli bayrağımızı boksçu Gülər Hüseynova (51 kq) və taekvondo üzrə gümüş mükafatçı Adil Kazımlı (-73 kq) daşıyacaqlar. Atletlər Kəndindəki "Village Plaza" məkanında təşkil ediləcək bağlanış tədbiri noyabrın 13-də Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Postxronika.az Milli Olimpiya Komitəsinin mətbuatuna xidməti xəbər verir ki, oktyabrın 31-də baş tutan açılış mərasimində ölkəmizin bayrağını üzgüçülərimiz Süleyman İsmayılzadə və Məryəm Cavadova aparmışdı. Hazırda milli komandamızın aktivində cüdoçu İbrahim Talıbovun, eləcə də çimərlik güləşçiləri Tunar Quliyev və Elgün Kərimlinin qazandıqları 3 qızıl medal yer alır. Bundan başqa, digər çimərlik güləşçimiz Nihad Süleymanlı ilə taekvondoçumuz Adil Kazımlı yarışı gümüş medalla tamamlayaraq yığmamızın ümumi mükafat sayını 5-ə çatdırıblar.
Gənc idmançılarımızın beynəlxalq olimpiya arenasında qazandıqları yüksək nəticələr ölkəmizdə idman siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Müxtəlif idman növlərində əldə olunan qələbələr gələcək böyük olimpiadalar üçün güclü ehtiyat qüvvənin yetişdiyini göstərir. Yeniyetmə atletlərin bu nailiyyəti Azərbaycan idmanının dünya miqyasında nüfuzunu daha da möhkəmləndirir.