Avropa Kosmik Agentliyi NASA-nın 2022-ci ildə vurduğu asteroidin ilk yaxın görüntülərini yayımlayacaq
RH
Dörd il əvvəl Yerin planetar müdafiə imkanlarını sınaqdan keçirmək məqsədilə NASA-nın "DART" kosmik gəmisinin qəsdən çırpıldığı asteroiddə yaranan zədələrin ilk görüntüləri təqdim olunacaq. Fəlakət filmlərinin ssenarisini xatırladan həmin sınaq zamanı aparat təxminən 730 metr enindəki "Didimos"un ətrafında fırlanan 150 metrlik "Dimorfos" adlı kiçik göy cisminə toqquşaraq tamamilə məhv olmuş və onun hərəkət trayektoriyasını bir qədər dəyişdirmişdi. Hazırda Avropa Kosmik Agentliyinin (ESA) "Hera" missiyası toqquşmanın nəticələrini ətraflı qiymətləndirmək üçün həmin ərazidə tədqiqatlar aparır və ilk fotoşəkillərin bu gün yayımlanması gözlənilir.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, planetimiz üçün heç bir təhlükə yaratmayan bu kosmik obyektlər üzərindəki təcrübə gələcəkdə Yerə doğru istiqamətlənə biləcək təhlükəli cisimlərin qarşısını almaq üsullarını yoxlamaq məqsədi daşıyıb. ESA-nın "Hera" missiyasının rəhbər tədqiqatçısı Patrik Mişel aparatın fəaliyyətini hadisə yerinə qayıdaraq toqquşmanın izlərini araşdıran detektiv Kolombonun işinə bənzədib. Qeyd edək ki, "DART" gəmisi 2022-ci ildə məhv olmazdan əvvəl "Dimorfos"un boz çalarlı qaya parçaları, daşlar və xırda qırıntılarla örtülü səthinin sonuncu yaxın plan görüntüsünü Yerə ötürmüşdü.