BBC: Rusiya Ukraynada müharibə başlayandan bəri azı 490 min əsgər itirib
RH
BBC tərəfindən təhlil edilən Rusiya hökumətinin statistik məlumatlarına əsasən, 2022-ci ildə Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri azı 490 334 rus əsgəri həlak olub. Belarusun "Cyber Partisans BY" və Ukraynanın "Silent Crow" qruplarının həyata keçirdiyi kiberhücum nəticəsində "Rosstat"dan sızan 11 milyondan çox ölüm qeydi 2021-ci ildən 2026-cı ilin sentyabrına qədər olan dövrdə ölkədə demoqrafik mənzərənin kökündən dəyişdiyini ortaya qoyub. Rusiyanın statistika qurumu kiberhücuma məruz qaldığını etiraf etsə də, qorunan informasiyaların ələ keçirildiyini təkzib edib.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov itkilərlə bağlı rəsmi rəqəmləri yalnız Müdafiə Nazirliyinin açıqlaya biləcəyini deyərək digər məlumatların nəzərə alınmamasını tövsiyə etsə də, həmin qurum artıq bir neçə ildir ki, bu barədə heç bir statistika yaymır. BBC-nin rus xidməti və müstəqil "Mediazona" nəşri sızdırılan bazanı açıq mənbələrdən toplanmış təsdiqlənmiş hərbi itkilər siyahısı ilə müqayisə edərək qeydlərin 90 faizinin üst-üstə düşdüyünü müəyyənləşdiriblər. Hərbi ekspertlərin hesablamalarına görə, məzarlıqlar, abidələr və rəsmi hesabatlar əsasında tərtib edilmiş 290 012 nəfərlik siyahı real rəqəmlərin təxminən 45-55 faizini əks etdirdiyindən, faktiki itkilərin sayı 527 295 ilə 644 471 arasında dəyişə bilər.