"Eurostar" dəmir yolu işçilərinin tətilinə görə London-Paris reyslərini ləğv edib
RH
"Eurostar" dəmir yolu operatoru rəsmi internet saytında yaydığı açıqlamada gözlənilməz tətil səbəbindən London–Paris marşrutu üzrə səfərlərdə ləğvlərin və ciddi ləngimələrin yarandığını bildirib. Şirkət bugünkü etiraz aksiyası barədə gecə saatlarında məlumatlandırıldığını qeyd edərək, çətinliklə üzləşən sərnişinlərin biletlərini geri qaytara və ya dəyişdirə biləcəklərini vurğulayıb. Eyni zamanda səhər saatlarına planlaşdırılan azı beş qatar reysinin təxirə salındığı və Brüssel istiqamətində də hərəkət qrafikində gecikmələrin müşahidə olunduğu diqqətə çatdırılıb.
Postxronika.az TRT Haber-e istinadən xəbər verir ki, aksiyaya Fransada əməkhaqlarının artırılmasını tələb edən dəmir yolu işçilərinin işəgötürənlə aparılan illik danışıqlardan narazı qalması səbəb olub. Tələbləri yerinə yetirilməyən əməkdaşların iş prosesini dayandırması Avropanın əsas nəqliyyat xətlərində sərnişindaşıma fəaliyyətini iflic edib. Hazırda şirkət rəhbərliyi sərnişinlərə səyahət planlarını yenidən nəzərdən keçirməyi və rəsmi yenilikləri izləməyi tövsiyə edir.