Ukraynalı ekspert: Baltik dənizində Rusiya ilə NATO arasında birbaşa qarşıdurma istisna edilmir
RH
Rusiya ilə NATO, xüsusilə də Estoniya arasında birbaşa qarşıdurma ehtimalı mövcuddur, lakin rəsmi Moskvanın hansı addımı atacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bu barədə hərbi ekspert və Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabiti İvan Stupak UNIAN-a verdiyi açıqlamada bildirib. Kalininqrad və Baltikyanı region ətrafında artan gərginliyə toxunan mütəxəssis qeyd edib ki, Baltik dənizində dislokasiya olunan Rusiya hərbi donanması sanksiyalardan yayınan "kölgə donanması" gəmilərinin hərəkətinə dəstək verir.
Postxronika.az Unian-a istinadən xəbər verir ki, Stupak bu cür nəqliyyat vasitələrinin çox vaxt əsl döyüş gəmiləri tərəfindən müşayiət olunduğunu vurğulayıb. O, ötən il Almaniya sərhədçilərinin həmin kateqoriyaya aid bir gəmini saxlamaq cəhdinə Rusiya donanması və qırıcı təyyarəsinin müdaxilə etdiyini xatırladıb. Ekspertin sözlərinə görə, Qərbin atdığı indiki addımlar Moskvanı "kölgə donanması"nın fəaliyyətini məhdudlaşdırmağa vadar etmək, hərbi komponentlərin daşınmasının qarşısını almaq və avropalıların kənar müdaxilə olmadan şübhəli gəmiləri saxlamasını asanlaşdırmaq məqsədi daşıyır.